BAKI, 23 dekabr. TELEQRAF
Sərxoş vəziyyətdə avtomobil qaçıran şəxslərə hökm oxunub.
Teleqraf xəbər verir ki, Binəqədi rayonunda avtomobilin qanunsuz ələ keçirilməsi faktı üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədə müəyyən edilib ki, Elxan Qafarov, onun qardaşı Mahir Qafarov və dostları Firudin Cəfərov qabaqcadan əlbir olan bir qrup şəxs halında, talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçiriblər.
Hadisə Binəqədi rayonu ərazisində, DSK yolu adlanan hissədə, “Ləlvər” marketin qarşısında baş verib. Təqsirləndirilən şəxslər sərxoş vəziyyətdə yol kənarında saxlanılan “Azsamand” markalı avtomobilin qapılarının kilidinin açıq olduğunu yoxladıqdan sonra hərəkətə keçiblər. Elxan Qafarov və Firudin Cəfərov avtomobilin sərnişin hissəsinə əyləşib, Mahir Qafarov isə sürücü oturacağına keçərək avtomobilin üzərində olan açarla mühərriki işə salıb və nəqliyyat vasitəsini idarə edərək hadisə yerindən uzaqlaşıb.
Beləliklə, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmişə məxsus avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçiriblər.
Onların ifadəsindən məlum olub ki, yeyib-içdikdən sonra evə getməyə pulları olmadığı üçün maşını qaçırmaq fikrinə gəliblər. Təqsirləndirilən şəxslər məhkəmədə ifadə verərək hadisəni sərxoş vəziyyətdə törətdiklərini, əməllərindən peşman olduqlarını və zərərçəkmiş şəxslə barışdıqlarını bildiriblər. Onlar məhkəmədən yüngül cəza təyin edilməsini xahiş ediblər.
Məhkəmənin hökmü ilə hər üç şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Elxan Qafarov, Mahir Qafarov və Firudin Cəfərovun hər biri 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.