BAKI, 20 aprel. TELEQRAF

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının beşinci mərhələsi sayılan Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.

Teleqraf xəbər verir ki, yarış Ciddə şəhər trekində baş tutub.

İkinci yeri “Red Bull”dan niderlandlı Maks Ferstappen tutub. İlk üçlüyü “Ferrari” komandasının monakolu sürücüsü Şarl Lekler tamamlayıb.

Bu qələbədən sonra Piastri 99 xalla liderliyini möhkəmlədib. İkinci yerdə onun britaniyalı komanda yoldaşı Lando Norris (89 xal) qərarlaşıb. İlk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87 xal) tamamlayır.

Mayın 4-də Mayamidə (ABŞ, Florida) dünya çempionatının altıncı mərhələsi keçiriləcək.