BAKI, 25 fevral. TELEQRAF

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 yarışında tras limitlərinin pozulmasına nəzarət etmək üçün yeni sistem tətbiq edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, 2026-cı il mövsümündən etibarən qayda pozuntularının monitorinqi süni intellektə əsaslanan tam avtomatlaşdırılmış rejimə keçiriləcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

ECAT (Every Car All Turns) adlanan yeni sistem müasir avtoidmanının ən aktual problemlərindən birini - ağ xətlərin kənarına çıxma ilə bağlı uzun sürən araşdırmaları və mübahisəli cərimələri həll etmək üçün hazırlanıb. Süni intellektin tətbiqi bu prosesdə insan müdaxiləsinə olan ehtiyacı 95 faiz azaldacaq.

ECAT sistemi real vaxt rejimində hər bir bolidin hər bir döngədəki mövqeyini izləyəcək. Qayda pozuntusu qeydə alındıqda, süni intellekt dərhal sübutlar paketini hazırlayaraq komandalara və yarış rəhbərliyinə ötürəcək. Bu, böyük həcmli məlumatların emal olunmaması səbəbindən yarışın və ya təsnifat mərhələsinin nəticələrinin finişdən saatlar sonra dəyişdirilməsi hallarını aradan qaldıracaq.

FIA mütəxəssislərinin fikrincə, ECAT-ın tətbiqi hakimlik prosesini daha şəffaf və ədalətli edəcək.