BAKI, 15 mart. TELEQRAF

Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün ikinci mərhələsi — Çin Qran-prisi başa çatıb.

Teleqraf xəbər verir ki, Şanxayda keçirilən yarışın qalibi "Mersedes" komandasının italyan pilotu Kimi Antonelli olub.

Bu, 19 yaşlı sürücünün karyerasında qazandığı ilk Formula 1 qələbəsidir. Qeyd edək ki, Antonelli 2025-ci ildən "Mersedes"in şərəfini qoruyur. O, daha əvvəl Formula 1 tarixində poyl-pozisiyasını (sıralama turunun qalibi) qazanan ən gənc pilot kimi tarixə düşmüşdü.

Yarışda ikinci yeri qalibin komanda yoldaşı, britaniyalı Corc Rassell tutub. Beləliklə, "Mersedes" mövsümün ikinci mərhələsində dubl etməyə nail olub. İlk üçlüyü isə "Ferrari" komandasının digər britaniyalı təmsilçisi, yeddiqat dünya çempionu Lyuis Hemilton tamamlayıb.

Çempionatın növbəti mərhələsi martın 27-dən 29-dək Yaponiyada keçiriləcək.