BAKI, 31 avqust. TELEQRAF
UEFA-nın sabiq prezidenti Mişel Platini FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb.
Teleqraf RMC Sport-a istinadən xəbər verir ki, Platini İnfantinonu riayət olunmasına təminat verdiyi futbol qaydalarını pozmaqda ittiham edib.
“İqtisadi məsələlər bir tərəfə, düşünürəm ki, İnfantino uğursuzluğa düçar olub. O, oyun qaydalarının təminatçısıdır, amma özü həmin qaydalara əməl etmir. Dünya çempionatında reklam fasilələri və finalda hissələrarası fasilənin uzadılması reqlamentdə nəzərdə tutulmayıb. ABŞ millisinin futbolçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvi isə baş verənlərin ən pisidir. O, qaydalara əməl etmədiyi üçün getməlidir”, – Platini bildirib.
Qeyd edək ki, daha əvvəl İnfantino dünya çempionatının keçirilməsi hüquqlarının bir hissəsini özəl investorlara satmaq niyyətinə görə UEFA-nın dəstəyini itirib.
İyulda FIFA prezidentinin qurumun əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmaq istədiyi açıqlanıb. FIFA bu layihənin 4,2 milyard dollar investisiya cəlb edə biləcəyini bildirsə də, təşəbbüs bir sıra futbol konfederasiyaları tərəfindən kəskin tənqid olunub.
56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralından FIFA-ya rəhbərlik edir. FIFA prezidentinin növbəti seçkisi 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.