
XANKƏNDİ, 13 aprel. TELEQRAF
“Yarışda iştirak edən əcnəbi idmançıların da çoxluğu təqdirəlayiq hal idi. Bu hal bir daha sübut edir ki, doğru yoldayıq”.
Teleqraf-ın məlumatına görə, bunu Qəbələ - Xankəndi ultramarafonunun sonuncu mərhələsinin ardından jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
Nazir marafondan məmnunluğunu bildirib:
"Qarabağda yenidənqurma işləri son sürəti ilə davam etməkdədir. Biz də öz növbəmizdə işğaldan azad olunmuş torpaqlarda artıq bir neçə yarış keçirmişik. Ötən il ultramarafon Xankədidə start götürmüşdüsə, bu il Xankəndidə yekunlaşdı. Sevindirici haldır ki, iştirakçıların və finişə çatanların sayında artım müşahidə olundu. Hətta, bu il qadın iştirakçıların sayı da ötənilkinə nisbətən çoxluq təşkil edirdi. Yarışın maraqlı keçməsinə görə Azərbaycan Atletika Federasiyasına və Bakı Şəhər Halqasına öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki. aprelin 10-da start götürən 192 km-lik Qəbələ - Xankəndi marafonuna bu gün yekun vurulub.