"Uilyams" pilotu Karlos Sayns Formula 1 üzrə Yaponiya Qran Prisində himn mərasiminə qarınağrısına görə gecikdiyi üçün 10 min avro cərimələnib.

Teleqraf xəbər verir ki, ispaniyalı sürücü tədbirə himn səslənməyə başladıqdan sonra gəlib çatıb.

Baxmayaraq ki, bütün pilotlara mərasimə vaxtında gəlmələrinə və Qran Prini keçirən ölkənin dövlət himninə hörmət göstərmələrinə dair xəbərdarlıq ediblər.

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FIA) kodeksinə əsasən, belə qayda pozuntusu 60 min avro cəriməni nəzərdə tutur. Lakin Sayns gecikməni mədəsindəki problemlərlə izah edib və bunu həkim də təsdiqləyib. Nəticədə cərimə məbləği 6 dəfə azaldılıb.

FIA vurğulayıb ki, himnin ifasında iştirak tədbirin vacib hissəsidir və komandalar bütün mümkün halları nəzərə alaraq, qrafiklərini planlaşdırmalıdırlar. Bununla əlaqədar Karlos Sayns 2024-cü il Kanada Qran Prisində olduğu kimi, yenə oxşar hala görə cərimələnib.