
BAKI, 14 mart. TELEQRAF
Bu gün Formula 1 üzrə dünya çempionatının 2025-ci il mövsümü başlayacaq.
Teleqraf xəbər verir ki, 75-ci mövsümə Avstraliya Qran Prisi ilə start veriləcək. Melburndaki Albert-Park halqasında keçiriləcək yarışın yekun mərhələsi 16 martda baş tutacaq.
Avstarliya Qran Prisi ilk dəfə 1985-ci ildə Adelaidada keçirilib. 1996-cı ildən etibarən isə Qran Priyə Melburn ev sahibliyi edir.
Avstraliya Qran Prisinin ən uğurlu pilotu Albert-Parkda 4 dəfə qalib olmuş əfsanəvi Mixael Şumaxerdir. Aktiv sürücülər arasında ən çox qələbə qazanan isə yeni mövsümdən "Ferrari"nin şərəfini qoruyacaq Lyuis Hemiltondur.
Avstraliyada keçirilən son beş yarışın hamısında fərqli pilotlar qalib gəlib. Bunlar Karlos Sayns ("Ferrari"), Maks Ferstappen ("Red Bull"), Şarl Lekler ("Ferrari"), Valtteri Bottas ("Mersedes") və Sebastyan Fetteldir ("Ferrari").
Qeyd edək ki, 2020 və 2021-ci il mövsümündə Avstraliya Qran Prisi koronavirus pandemiyasına görə ləğv edilib. Azərbaycan Qran Prisi 19-21 sentyabrda baş tutacaq.