
BAKI, 14 fevral. TELEQRAF
İşıq təkcə fiziki bir hadisə deyil, həm də inkişafın, tərəqqinin, müasirliyin simvoludur. Azərbaycan tarix boyu qaranlığı yaran alovların, şölələnən çıraqların, min illərdir yanan odların diyarı olub. Amma bu gün işıq artıq yalnız odu, atəşi deyil, güclü enerji sistemini, innovativ texnologiyaları və dayanıqlı inkişafı ifadə edir. XX əsrdə neft bumu ilə dünya enerji xəritəsində öz yerini tutan Azərbaycan bu gün müasir elektrik infrastrukturu ilə regionda enerji mərkəzinə çevrilməkdədir.
Fevralın 7-də "Azərişıq" ASC və Medianın İnkişafı Agentliyi tərəfindən Zəngilana təşkil edilən mediaturda iştirak edərkən bu işığın izi ilə getmək fürsətim oldu. İşğal altındakı torpaqlarımız azad edildikdən sonra bu, Qarabağa ilk səfərim idi. Əslən Ağdərədən olan atam həmişə Qarabağın gözəlliyindən ağızdolusu danışıb. Qarabağın havası, suyu, işığı... Atam hər zaman deyir ki, Qarabağda doğan günəş belə, elə bil ki, bu torpaqlara işıqlarını sevinclə saçır. Bu torpaqlara ayaq basmaq üçün həm səbirsiz, həm də həyəcanlı idim... Zəngilana səfərimiz üçün gecə yola düşdük – qaranlıq yolları aşaraq, səhərin ilk işıqları ilə yeni qurulan enerji infrastrukturunu görməyə getdik. Və bu mənzərəni izləmək elə bil bir simvol idi: “Azərişıq”ın layihələri bu torpaqlara işıqla birlikdə yenidən həyat gətirirdi.
Azərbaycanda enerji infrastrukturunun yeni mərhələsi
Zəngilanda aparılan layihələrin ən müasir nümunəsi Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzidir. Bu mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən alırlar. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır.
"Azərişıq" təkcə Zəngilanda deyil, işğaldan azad edilən digər ərazilərdə də elektrik şəbəkəsini innovativ yanaşmalardan istifadə edərək qurub. Bu ərazilərdə ilk çəkilən xətlər elektrik xətləri olub, ilk quraşdırılan infrastruktur enerjiyə, işığa aiddir. Çünki yenidənqurma, inkişaf və yeni həyat məhz işıqla başlayır. “Azərişıq” ASC tərəfindən həyata keçirilən layihələr sayəsində işğaldan azad edilmiş ərazilər artıq qaranlıqda deyil. Ağalıda “ağıllı kənd” modeli, Şuşada inşa edilən yeni enerji infrastrukturu, Füzuli və Cəbrayılda yaradılan alternativ enerji mənbələri – bütün bunlar təkcə elektrik xətləri deyil, həm də işıq saçan bir gələcəyin təməlidir.
İşıq ilk ümiddir, ilk dönüşdür
Son beş ildə “Azərişıq” ASC tərəfindən işğaldan azad edilmiş şəhər və kəndlərdə tamamilə sıradan çıxmış elektrik infrastrukturu müasir standartlara uyğun şəkildə yenilənib, yeni dayaqlar quraşdırılıb, elektrik xətləri çəkilib və güc mərkəzləri inşa edilib. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzi və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi daxil olmaqla 35/0.4 kV-luq 7 yarımstansiya, Daşaltı kəndində 35/10 kV-luq 1 yarımstansiya istifadəyə verilib. Eyni zamanda, “Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi, Cəbrayılda isə Rəqəmsal İdarəetmə Mərkəzi tikilərək fəaliyyətə başlayıb.
İşğaldan azad edilmiş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin tikintisi isə sürətlə davam edir. Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi inşa olunur. Eyni zamanda 110/35/10 kV-luq "Minkənd" yarımstansiyasının tikintisi, "Ağbulaq-SES" və "Minkənd" yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi son mərhələdədir. Xocalıda "Xocalı" yarımstansiyası və İdarəetmə Mərkəzinin, "Əsgəran", "Malıbəyli" və "Sığnaq" yaşayış məntəqələrində isə yarımstansiyaların tikintisi davam edir.
Xocavənddə "Zoğalbulaq" yarımstansiyasının inşası davam etdirilir, Hadrut "Qovşaq" yarımstansiyası ilə "Zoğalbulaq" yarımstansiyası arasında 35 kV-luq iki dövrəli ÖİN xəttinin çəkilişi həyata keçirilir. Eyni zamanda, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında yeni salınan və ya salınması planlaşdırılan yaşayış məntəqələrinin enerji təminatı üçün müasir transformator yarımstansiyaları inşa olunur. Hazırda Qubadlı Rəqəmsal İdarəetmə Mərkəzində son tamamlama işləri aparılır.
Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu və Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədli və Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsi, Zəngilan rayonu və Cahangirbəyli kəndi, Qubadlıda isə Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatı üçün 35 kV-luq iki dövrəli ÖİN elektrik veriliş xəttinin çəkilişi davam edir. "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev bildirir ki, bu gün işğaldan azad edilən ərazilərində "Azərışıq"ın 5097 abonenti qeydə alınıb. Abonentlərin 4182-i əhali, 915-i qeyri-əhali qrupuna aiddir. 5 ildə 4182 evin, ocağın işıqlandırılması gərgin fəaliyyətin, fasiləsiz görülən işlərin nəticəsidir. Bu, eləcə də Qarabağa həyatın qayıtmasının göstəricisidir. 915 qeyri-əhali qrupu isə yeni iş yeridir.
Təmiz enerji
Yeri gəlmişkən, "Azərışıq" işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi istiqamətində də mühüm iştirakçıdır. 2024-cü ilin 12 ayında Qarabağ və Şərqi Zəngəzurdakı 32 su elektrik stansiyasında 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. 550 milyon kilovat saat enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını ödəyib, qalan üçdə iki hissəsi isə Respublika enerji sisteminə ötürülərək ölkənin digər yerlərinin tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
Elektromobillərdən istifadənin təşviqi
Eləcə də “Azərişıq” ASC tərəfindən son illərdə həyata keçirilən ən uğurlu layihələrdən biri ekoloji cəhətdən faydalı olan elektromobillərdən istifadənin təşviq edilməsidir. Bakıda bir vaxtlar EDM-lər barədə məlumatsız idiksə, çox sevindirici haldır ki, artıq Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə quraşdırılan EDM-lərin sayı 20-yə çatdırılıb.
.
10 ildə tamamilə yenilənən infrastruktur
Prezident İlham Əliyevin Sərəncamı ilə 10 fevral 2015-ci ildə istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatının həyata keçirilməsi məqsədilə fəaliyyətə başlayan “Azərişıq” ASC son on il ərzində ölkə üzrə genişmiqyaslı təmir və yenidənqurma işləri aparıb.
Qurum tərəfindən müxtəlif gərginlik səviyyələrinə malik 20 min km uzunluğunda yeni elektrik veriliş xətləri çəkilib, mövcud xətlərin 30 min km-ə yaxını yenilənib. Bundan əlavə, 110/35 kV-luq 40 və 35 kV-luq 227 yarımstansiya tikilib, 7 min yeni transformator məntəqəsi istifadəyə verilib. Köhnə ölçü cihazlarının yeniləri ilə əvəzlənməsi prosesi də davam etdirilib və bu müddətdə 700 min köhnə sayğac müasir tipli cihazlarla əvəz olunub. Son on ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə çatıb, smart sayğacların sayı isə 386 mindən 1 milyon 120 minə qədər artıb. “Azərişıq” ASC-nin həyata keçirdiyi strateji tədbirlər nəticəsində şəbəkənin qoyuluş gücündə əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Yalnız son bir il ərzində bu göstərici 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.
Məqalə "Azərişıq" ASC-nin 10 illik yubileyinə həsr olunmuş "İşğaldan azad olunmuş ərazilərdə görülən işlər, həyata keçirilən innovativ layihələr" mövzusunda müsabiqəyə təqdim edilir.