
BAKI, 20 fevral. TELEQRAF
Azərbaycan badmintonu tarixində bir ilk yaşanacaq.
Teleqraf xəbər verir ki, aprelin 8-13-də Danimarkanın Horsens şəhərində keçiriləcək Avropa çempionatında 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasən qitə çempionatında iştirak hüququ qazanıb.
Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında şəxsi kateqoriyada həm İspaniya, həm də İngiltərədən olan rəqiblərinə qalib gələn Edi Reski Dviçayo 25537 xalla Avropa çempionatına vəsiqəni təmin edib.
Qitə çempionatında İngiltərə və Danimarkadan olan rəqiblərini məğlub etməklə reytinq xallarını 28347-yə yüksəldən Keişa Fatimə Zəhra isə qadınların şəxsi mübarizəsində Avropa birinciliyində iştirakını təmin edib.
Hər iki badmintonçu püşk zamanı səpələnmişlər siyahısında yer alacaq.
Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu tandeminin topladığı 14595 reytinq xalı da müvafiq kateqoriya üzrə apreldə keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün yetərli olub.
Qarışıq qoşa kateqoriyasında isə Cahid Əlhəsənov və Həcər Nuriyeva 10171 reytinq xalı ilə adlarını Avropa çempionatına yollanacaq idmançılar siyahısına yazdırmağı bacarıb.
Badmintonçuların qoşa kateqoriyalarda qitə birinciliyinə vəsiqə qazanmasında Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında iştirak əsas rol oynayıb.