BAKI, 19 fevral. TELEQRAF

Elektrik enerjisinin təchizatı nəticəsində yaranan itkilər və onların azaldılması istiqamətində tədbirlər davam etdirilir.

“Azərişıq” ASC-dən Teleqraf-a verilən məlumata görə, elektrik enerjisinin istehlakı zamanı yaranan itkilərə şəbəkədə ölçmə və uçot sistemlərində baş verən kənar müdaxilələr daxildir.

Belə ki, bəzi hallarda istehlakçılar sayğaclara qeyri-qanuni müdaxilələr edərək enerji sərfiyyatını az göstərməyə çalışırlar. Buna misal olaraq elektrik xəttinə elektrik enerjisi sayğacından kənar birbaşa qoşularaq istifadə, sayğaclara elektron və ya maqnetik müdaxilə kimi halları göstərmək olar.

Məlumata görə, itkiləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, qarşısının alınması üçün Səhmdar Cəmiyyət tərəfindən müntəzəm olaraq aşağıdakı tədbirlər görülür:

- Smart sayğacların quraşdırılması – müasir texnologiyadan istifadə etməklə enerji sərfiyyatının dəqiq və uzaqdan izlənilməsi.

- Müntəzəm yoxlamalar və auditlər – qanunsuz qoşulmaları aşkar etmək üçün mütəmadi monitorinq aparılması.

- Hüquqi müstəvidə tədbirlərin gücləndirilməsi – elektrik enerjisinin qanunsuz istifadəsi ilə bağlı normativ hüquqi sənədlərin təkmilləşdirilməsi üzrə işlərin aparılması və ciddi nəzarət mexanizmlərinin yaradılması.

- İctimai maarifləndirmə və təbliğat – istehlakçılarla elektrik enerjisindən düzgün istifadəsinə dair maarifləndirmə işlərinin aparılması və qanunsuz istifadənin zərərləri barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi.

İtkilərinin azaldılması enerji sektorunda maliyyə dayanıqlığını, rentabelliyi artırır və enerjinin daha səmərəli paylanmasına təminat yaradır.