Bakı, 13 fevral.TELEQRAF

2024-cü ilin dördüncü rübündə "Şahdəniz 2" layihəsi çərçivəsində şərq-şimal cinahından üçüncü quyu işə salınıb.

Teleqraf bp-nin 2024-cü ilin yekunlarına dair hesabatına əsasən xəbər verir ki, qərb-cənub cinahında da sualtı işlər üzrə fəaliyyətlər davam etdirilib.

"Xankəndi" sualtı tikinti gəmisi, "Şahdəniz 2" və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə işlərində dəstək davam etdirilir.

Gəmi, regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq, dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri ilə yanaşı, fövqəladə hallara cavab tədbirlərini həyata keçirir. "Şahdəniz 2" layihəsi çərçivəsində gələcəkdə qalan quyuların təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, "Xankəndi" gəmisi və qazma qurğularından səmərəli istifadəni təmin etmək üçün fəaliyyətlər optimallaşdırılıb və quyuların işə salınma müddətinin sürətləndirilməsi məqsədilə inteqrasiya olunmuş qrafik hazırlanıb.