BAKI, 18 fevral. TELEQRAF

“Şahdəniz Kompressiya” layihəsində təsirin əhəmiyyətliliyi onun miqyasına əsaslanır.

Teleqraf xəbər verir ki, bu fikirləri “Şahdəniz Kompressiya" layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantının ictimai müzakirələri zamanı sənədin hazırlanması layihəsinin meneceri Rebekka His deyib.

O qeyd edib ki, təsirlərin əhəmiyyətliliyi “əhəmiyyətsiz”, “kiçik”, “orta”, və ya “böyük” olaraq təyin edilir. Təsirin qiymətləndirilməsinin dəqiqliyini artırmaq üçün bir sıra dəstəkləyici tədqiqatlardan istifadə edilib. Təsir qiymətləndirmə prosesinin bir hissəsi kimi hava və səs-küy üzrə ilkin qiymətləndirmələr tikinti sahələrinin və kabel çəkilişi dəhlizinin yaxınlığında aparılıb. Dəniz mühitində isə sualtı səs monitorinqi həyata keçirilib ki, bu da suitilərə və balıqlara potensial təsirləri müəyyən etmək məqsədi daşıyıb:

“Bundan əlavə, doldurucu boru kəmərlərindən təmizləmə və hidro-sınaq sularının axıdılmasının suyun keyfiyyətinə və ekoloji mühitə təsir edib-etmədiyini müəyyənləşdirmək üçün dispersiya modelləşdirilməsi aparılıb. Təsir qiymətləndirilməsi həm “Şahdəniz Kompressiya” layihəsinin tikinti, həm də istismar mərhələlərindəki təsirləri nəzərə alır.

Təsirlərin əksəriyyəti “əhəmiyyətsiz”dən “kiçik” səviyyəyə qədər qiymətləndirilib. Bunun istisnaları platformanın quraşdırılması zamanı yaranan sualtı səs-küy, ekoloji təsirlər və quruda kabel çəkilişindən irəli gələn mədəni irs təsirləridir.

Bu təsir platformanın quraşdırılması zamanı yaranan sualtı səs-küyü nəzərə alır. Platforma sahəyə çəkilib gətirildikdə dəniz dibinə bərkidilməlidir. Bu prosesin sualtı səs-küy yaratması qaçılmazdır. Prosesin suitilərə və balıqlara təsirini müəyyən etmək üçün sualtı səs yayılma modelləşdirilməsi aparılıb”.

Rebekka His əlavə edib ki, əgər bərkidilmə sahəsindən 500 metr məsafədə suitilər aşkar edilərsə, proses başladılmayacaq.