
BAKI, 18 fevral. TELEQRAF
"Şahdəniz Kompressiya" platformasının hər hansı yüksək, orta və ya aşağı səviyyəli təsirlərinin mümkünlüyü qiymətləndirilib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "Şahdəniz Kompressiya" layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantının ictimai müzakirələri zamanı bildirib.
O qeyd edib ki, hər hansı bir yüksək təsir yarandığı təqdirdə tədbirlər nəzərdə tutulub.
Tamam Bayatlı əlavə edib ki, platformanın sosial sahə və ya ətraf mühitə böyük təsiri olmayacaq:
“Burada qazma və hasilat işləri aparılmayacaq. Qaz yandırılmayacaq və demək olar ki, bu platformada heyət işləməyəcək, platforma sahildən, “Səngəçal” terminalından idarə olunacaq. Platformaya heyət yalnız profilaktik və təmir işləri üçün gedəcək. Platformada helikopter meydançası yoxdur, buna görə də heyət platformaya gəmi vasitəsilə gedəcək. Bütün platformalarda olduğu kimi, burada da vaxtaşırı profilaktik işlər aparılacaq.”