
BAKI, 20 fevral. TELEQRAF
ABŞ BMT-nin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə layihəsini dəstəkləməkdən imtina edib.
Teleqraf xəbər verir ki, “Reuters”-ə bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Qeyd olunur ki, bu addım Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında artan fikir ayrılığını əks etdirir.
BMT Baş Assambleyasının qətnamə layihəsində Rusiyanın təcavüzü pislənir və “Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi, müstəqilliyi, və ərazi bütövlüyünə” sadiqliyi bir daha təsdiqlənir.
“Əvvəlki illərdə Birləşmiş Ştatlar Ukraynada ədalətli sülhün bərqərar olması üçün ardıcıl olaraq bu cür qətnamələri dəstəkləyib”, - nəşrin mənbələri bildirib.
Məlumata görə, qətnaməni 50-dən çox ölkə dəstəkləyib. Bunların hansı dövlətlər olduğu barədə məlumat verilməyib.