BAKI, 6 oktyabr. TELEQRAF
Elə bir insan yoxdu ölüm barədə düşünməsin.
Bəlli bir yaşdan sonra artıq onun qayğılarını çəkməli olursan. Qabaqcadan vəsiyyətini yazan, nəyi var sağ qalmasına xərcləyən, yaxud xərcləri ixtisara salan, həyata sadə bir ölümlə vida deyənlər də olur.
Ölümsə heç kəsi boş buraxmır. Filoloji ölümü yox, fizioloji ölümü deyirəm. Ona görə gəlişinə yaxşı hazırlaşmalısan. Bu, təkcə fərdi-psixoloji məsələ deyil. Kimsənin ölümünə qarışmaq, ağrılarına və xəstəliyinə toxunmaq fikrində deyiləm. Hərçənd insan ölümü ictimai hadisədi. Xəstəlik sosial bəladı. Gizlədilməsi qeyri-mümkündü.
Xəstəliklə gələn imtahan iqtisadiyyatdı, cib məsələsidi, səhiyyə sistemiylə sıx təmasdı - bəzən əməkdaşlıq, bəzən savaşdı, tibb mütəxəssisi axtarışıdı, ölkədən xaricə dartınmaqdı! Sponsora sarı boylanmaqdı... Növbələrdə durmağa səbir tədarük eləməkdi. Vicdanlı "doxtur", yoxsa savadlı həkim, dövlət xəstəxanası, yoxsa özəl?.. Bu kimi suallara cavab tapmaqdı.
Bizim cəmiyyətdə həyati əhəmiyyətli aktual sual var: xəstəlikdən harada müalicə olunmalı və necə ölməli?..
Bir neçə il qabağın söhbətidi, adını çəkməyəcəyim bir tanınmış rejissor ağır xəstəliyə tutulmuşdu. Həftə səkkiz-mən doqquz efirlərə, saytlara, qəzetlərə açıqlamalar verirdi. Pul dilənirdi - belə də demək olar. Bu, onlarla faktdan biridi.
Doğulandan bir şeyi əzbər bilməlisən: Həyat çox bahadı. Onu ancaq Allah havayı bəxş edər.
Müasir tibb əksər xəstəliklərin öhdəsindən gəlir, uzun remissiya dövrü yaradır, amma nə fayda? Xərçəngi belə sağaldırlar, amma nə olsun? Bu, kalan pulu olan varlılar üçündü. Pulun var?.. Yoxundusa, kasıbsansa ölümə hazır ol, özünü biabırçılığa qoyma. Ölüm gəlibsə, öl getsin.
Təkcə yaşayana yox, ölənə də əxlaq lazımdı. Əxlaq isə ən çox kasıba yaraşır.
Mişel Uelbek "Elementar zərrəciklər"də belə təsəlli verir: "Ölüm böyük bərabərlikdi".
***
Vaqif Bayatlının 90-larda nakam Mikayıl Müşfiqə həsr elədiyi bir şeirində güllələndikdən sonra şairin dilindən (təxminən) belə misralar yazmışdı: "Çox ölüm-ölüm deyirdilər, Ölüm dedikləri buymuş?.."
Ölənlərin çoxu o dünyada bəlkə də peşmançılıq keçirir: "Ağ eləməmək də olardı!"
Bu ərəfədə böyük adamların ölüm anında söylədiklərinə göz atdım. Maraqlı son sözlər varmış. Nəcib Fazil Qısakürək: “Demək, belə ölürlərmiş...” İohann Höte: “Bir az daha işıq...” Oskar Uayld: “Ya divar kağızları gedir, ya da mən...”
Ən maraqlısı, mənə görə, Bethovenin sözləridi: “Komediya bitdi”.
Bəli.