BAKI, 16 iyul. TELEQRAF

Bu gün tədqiqatçı və jurnalist, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhmədin "Qərbi Azərbaycandan köçlər. Mühacirlər, xatirələr, sənədlər" adlı kitabının təqdimat mərasimi baş tutub.

Teleqraf xəbər verir ki, Qərbi Azərbaycan İcmasında baş tutan təqdimat mərasimində bir sıra rəsmi şəxslər çıxış ediblər.

Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında bildirib ki, Türkiyədə kifayət qədər Azərbaycan və Qərbi Azərbaycan kökənli insanlar yaşayır və onlar öz tarixlərini unutmayıblar.

"Onlar öz yurdlarının adlarını öz soyadlarında yaşadırlar. Orxan Gəncəbay, Abbas Göyçə kimi şəxslər mənsub olduqları yerin adlarını öz soyadlarında yaşadırlar. Bu nəşr edilən elə bir kitabdır ki, onun təqdimatını etməyə bilməzdik. Çox dəyərli bir kitabdır. Dilqəm Əhməd elə bir mövzu götürüb ki, bunun ardı olacaq. Biz bizim olan hər şeyə sahib olmalıyıq", - Ə. Ələkbərli qeyd edib.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova isə bildirib ki, Dilqəm Əhmədin yazdığı kitab alqışa layiqdir, çünki dünyaya səsimizi çatdırmaqda çox önəmlidir.

"Kitab mənə çox maraqlı gəldi. Hələ oxumamışam, amma söz verirəm sətir-sətir oxuyacam. Mən babamın məzarını ziyarət edə bilmirəmsə, deməli bunun üçün mübarizə aparmalıyıq. Bu kitab da bu yolda ən dəyərli töhfədir. Kitab qədər dəyərli başqa bir şey yoxdur. Kitabın Türkiyədə və başqa yerlərdə də təqdimatı olsa daha yaxşı olar. Bu mövzuda cildlər yazılsa belə, bitən mövzu deyil", - o vurğulayıb.

Dilqəm Əhməd isə bildirib ki, kitab üçün materialın hazırlanması 1 ildən çox olsa da, amma ərsəyə gəlməsi qısa müddətdə, yəni 3-4 aya baş tutub.

Onun sözlərinə görə, ilin sonuna qədər layihə kitabı olan "Mühacirlər Amerikada" kitabı da təqdim olunacaq.

"Kitab Amerikaya köçmüş mühacirlər haqqındadır və ingilis dilində olacaq. Sırf Qərbi Azərbaycanla bağlı isə əlimdə başqa xatirələr də var. Onlar türk dilində yazılıb. Onları Azərbaycan dilinə uyğunlaşdırıb silsilə şəkildə çap edəcəyik", - D. Əhməd vurğulayıb.