BAKI, 14 avqust. TELEQRAF

Ötən gün küçədə meyiti tapılan şair Kəramət Şükürovun ilkin ölüm səbəbi bilinib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, mərhum infarktdan vəfat edib.

***

10:40

Avqustun 13-də saat 19:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu ərazisindən çağırış daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana yönləndirilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1957-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

22:54

BAKI, 13 avqust. TELEQRAF

Şair, nasir, jurnalist Kəramət Şükürovun Bakıda küçədə meyiti aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.

K.Şükürovun vəfat səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub.

Əmək fəaliyyətinə Göyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.

Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.