BAKI, 16 avqust. TELEQRAF

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və "Şərəf" ordenli yazıçı Vidadi Babanlı doğulduğu Qazax rayonunun Şıxlı kəndində dəfn ediləcək.

Yazıçının qızı Aygün Məmmədova Teleqraf-a açıqlamasında deyib ki, Vidadi Babanlı vəsiyyətinə uyğun olaraq kənddəki ailə qəbiristanlığında torpağa tapşırılacaq.

"Sabah səhər onun cənazəsi Bakıdan rayona aparılacaq", - deyə A. Məmmədova bildirib.

Qeyd edək ki, V.Babanlı bu gün 98 yaşında vəfat edib.

V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fılologiya fakültəsində təhsil alıb. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləyib.

Sonradan C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub. Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Anam sən oldun" şeiridir.