BAKI, 16 iyun. TELEQRAF
Şair, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Mikayıl Rəfilinin elmi-ədəbi, eləcə də ədəbi-ictimai fəaliyyətinə qiymət verməkdən ötrü günü bu gün də bir kitablıq sözə ehtiyac var.
Hərçənd mərhum filologiya professoru Nazif Ələkbərlinin “Mikayıl Rəfili (həyat və yaradıcılığı)” adlı kitabı 1998-ci ildə nəşr olunub.
Amma 1905-1958-ci illər arasında yaşamış, şüurlu ömrünün böyük hissəsi və mühüm yaradıcılıq dövrü sovetin daimi repressiya kampaniyalarının dəhşətlərindən keçmiş bir mülkədar oğlunun (əks-ədəbi cəbhələrdə dayanmalarına rəğmən, Səməd Vurğun bir məclisdə ona ərk və zarafatla “zadagən oğlu” deyə müraciət etmişdi) həyat və yaradıclığını təşkil edən faktları tamamilə yenidən düzməyə, olmuşları təzə işıqlandırma altında və fərqli rakursda qiymətləndirməyə ehtiyac var; bu halda baş vermişlər başqa bir məzmunu diktə edər.
Üç dəfə Azərbaycan Yazıçılar İttifaqından (AYİ) çıxarılma məsələsi qoyulmuş, iki dəfə İttifaqdan qovulmuş, bir qardaşı – Rəfi 30-cu illərdə repressiyaya uğramış, o biri qardaşını – memar Mövsümü öz ölümündən 4 il əvvəl itirmiş və son şeirini də həmin qardaşına həsr etmiş bir keşməkeşli qəhrəmanın adını çoxumuz Nazim Hikmətin məşhur şeirindən xatırlayırıq.
Rəfilinin ölümünə həsr olunmuş şeir dilimizə hələ o vaxt uyğulaşdırılıb:
Nəslimin yarpaq tökümü başladı,
Çoxumuz qışa qalmayacağıq...
Dəliyə döndüm, Rəfili,
Ölüm xəbərini alanda.
Ötən əsrin 20-30-cu illərində sərbəst vəzndə şeirlər yazmasına baxmayaraq, sonradan yaradıcılıq yönünü ədəbiyyatşünaslığa və tərcümə yaradıcılığına çevirən Mikayıl Rəfili Azərbaycan ədəbiyyatına və ədəbiyyat tariximizə konseptual baxışıyla seçilirdi.
Tədqiqatçılar şeirdən ədəbiyyatşünaslığa keçiddə bir amilin rolunu da vurğulayırlar: ədəbiyyaşünaslığın böyük yükünü çiyinlərində daşımağa qadir Һənəfi Zеynallı, Əli Nazim, Bəkir Çоbanzadə, Salman Mümtaz kimi neçə-neçə simalar sıradan çıxarılmışdı.
Şərəfli yükü isə gələcəyə daşımaq lazmıydı.
***
1927-ci ildə maarif komissarı Ruhulla Axundovun məsləhətilə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə daxil olan, rusca və azərbaycanca əsərlər, məqalər yazan, bir müddət Kremldə Azərbaycan dilində qanun mətnlərinə redaktorluq edən, musiqidən, teatrdan tutmuş ədəbiyyata qədər müxtəlif sahələrdən baş çıxaran bu geniş erudisiyalı ziyalı hərdən hər nə qədər mübahisəli fikirlər yürütsə də, həmişə səmimi və xalqsevəriydi.
1941-ci ildə yazıb nəşr etdiyi əsərin adı “Qədim Azərbaycan ədəbiyyatı 16-cı əsrədək” adlanırdı.
1944-cü ildə Tiflisdə (niyə Tiflisdə?..) müdafiə etdiyi 800 səhifəlik doktorluq dissetrasiyası da Azərbaycan ədəbiyyatının tarixinə həsr olunmuşdu: “Qədim dövrdən XIX əsrin əvvəlindək Azərbaycan ədəbiyyatının əsas prоblеmləri”. Bu, Azərbaycan filologiyasında ilk doktorluq işiydi.
Amma Rəfilinin əleyhdarları doktorluq işinin Moskvada Ali Attestasiya Komissiaysında təsdiqini iki il ləngitdilər. Axırda alim özü Moskvaya gedib elmi işini xilas etməli oldu.
Rəfili 16-cı əsrə qədərki Azərbaycan ədəbiyyatını 5 dövrə bölürdü: Arran, Dədə Qоrqud, Şirvan, Tеymurilər və Qızılbaşlar dövrü. Ən qədim Azərbaycan ədəbi dilini 5-ci əsrə aid еdirdi.
Zaqafqaziya renessansına fərqli münasibət bəsləyir, hesab edirdi ki, bu regionda intibah Xaqani və Nizami yaradıclığıyla 12-ci əsrdə baş vermişdi; farsca yazmasına rəğmən Xaqanini Azərbaycan ədəbiyyatının ilk ən böyük siması sayırdı.
“Dədə Qorqud” eposuna xüsusi önəm verməsi sonradan başına bəla olacaqdı.
Haqqında monoqrafiya və məqalələr yazdığı Mirzə Fətəli Axundova sevgisini isə ölümündən ayyarım əvvəl, 1958-ci il martın 11-də “Bakinskiy raboçi” qəzetində çap etdirdiyi məqaləsində belə ifadə edəcəkdi: “Puşkin Rusiya üçün, Һötе Almaniya üçün, Şеkspir İngiltərə üçün, Dante İtaliya üçün, Rablе və Vоltеr Fransa üçün kim оlmuşlarsa, bizim üçün də Aхundоv оdur”.
Rəfili Azərbaycanda təzkirəçilikdən elmə keçidi də Axundovun adına bağlayırdı.
***
Mikayıl Rəfiliyə antisovet obrazı və dissident qiyafəsi geyindirmək faktlardan sui-istifadə sayılardı. O, öz həqiqətlərini sovet ideologiyası çərçivəsində hərəkət və ya manver etdirir, bəzən bəlkə saymazlıqdan, bəlkə də ehtiyatsızlıqdan maneələri aşıb keçməli olurdu.
Ola bilsin, çərçivələrə sığmaması, hərdən “başqa və yad dünyaya” doğru çırpınması, “mən kölə deyiləm” anlamında kənara can atması onun fitrətində gizlənmiş azad zadəgan ruhuydu.
Mikayıl yeri gələndə hökmdar və ya hökmdarın silueti qarşısında baş əyməyi də özünə rəva görmüşdü. Bütün bunlar “onun mübarizəsi” daxilində cərəyan eləyirdi.
Hətta ötən əsrin 50-ci illərində Əvəz Sadığın redaktoru olduğu “Kirpi” jurnalı karikatirasını da dərc eləmişdi.
Rəsul Rza yazılma tarixi 1956-60-cı illər göstərilən “Qızıl gül olmayaydı” poemasında Rəfilini “Ayağına balta vurmasa Dincəlməyən bədbəхt adam” deyə təsvir və ya təqdim edirdi.
***
Mikayıl Rəfilinin varlığı üzərindən beş “ictimai tufan” əsib keçmişdi.
Birinci tufan 1937-ci ilin yazında başladı. Bir yandan atasının sinfi kimliyi, o biri yandan artıq tutulub güllələnmiş Ruhulla Axundovla vaxtilə yaxın olması onu repressiya hökmünün oxunacağı günə doğru aparırdı. AYİ-nin qərarı “Ədəbiyyat qəzeti”ndə çap olunmuş, Rəfili təşkilatdan xaric edilmişdi.
O, eyni zamanda “Azərbaycan sovet şeirinə formalizm kimi ən təhlükəli bir xəstə cərəyanı gətirməkdə, Azərbaycan xalq şeirinə qarşı çıxmaqda” da ittiham olunurdu.
Rəfili payızda Mircəfər Bağırova məktibla müraciət edir və xilas olur. Yeri gəlmişkən, Rəfilininki də daxil, Mircəfərə yazılmış bütün məktubların mətnlərinin ictimaiyyətə açılanmasına ehtiyac var.
Bəzi rəvayətə oxşar iddialara görə, gecələrin birində Mircəfər şəxsən özü Mikayıl Rəfilinin evinə gəlir və onu himayəsinə götürdüyünü nümayiş elətdirir.
İkinci tufanın 1946-cı ilə təsadüf etdiyi yazılır . Bu barədə təfərrüatı tam aydınlaşdıra bilmədik.
Belə məlum olur ki, AYİ-nin plenumunda Mikayıl Rəfili kəskin çıxış edir, təşkilat da ona sərt məzmunlu qərarla cavab verir. Bu konfliktdə Mikayıl Rəfilinin Tiflisdə müdafiə etdiyi dosktorluq dissertasiyası ətrafında cərəyan edən intriqanın izlərini axtarmağa dəyərmi?
Üçüncü tufan 1951-ci ildə Mircəfər Bağırovun “Dədə Qorqud” eposunu pisləməsilə başladı. Kampaniyanın sovet siyasi avtoriteti Lavrenti Beriyadan gələn “fitva”yla start götürdüyü iddiası da var. Deyilənə görə, Mircəfər dastanı “erməni və gürcü xalqlarınının əleyhinə olan” əsər sayırdı.
Hər halda o, kommunist partiyasının 18-ci qurultayındakı çıxışında “Dədə Qorqud”u zərərli əsər kimi xarakterizə etdi.
Nəticədə Mikayıl Rəfili peşiman olduğunu bildirən etiraf yazmalı oldu.
Halbuki Rəfili “Dədə Qоrqud”u bədii və tariхi əһəmiyyətinə görə “İqоr pоlku һaqqında dastan”la, “Rоland nəğmələri”, “Nibеlunq nəğmələri” və sair əsərlərlə yanaşı qоyurdu.
Dördüncü tufanın tarixçəsi 1952-ci ildə nihilizmə və kosmopoltizmə qarşı mübarizəylə bağlıdır.
Nazif Ələkbərli yazır: “1952-ci il Mikayıl Rəfiliyə güclü һüçumlar təşkil оlundu və о, şöbə müdiri işlədiyi Ədəbiyyat İnstitutundan çıхarıldı. Һəmin ilin оktyabrın əvvəlində institutda təşkil еdilmiş “cəzavеrmə” iclasının prоtоkоlu əsasən “Ədəbiyyat qəzеti”ndə çap оlunub. İclasda Rəfiliyə tоy tutanlar sırasında təkcə M.Ibraһimоv, C.Хəndan, K.Talıbzadənin dеyil, һəm də S.Vurğunun, Ə.Şərifin, M.Cəfərin, M.Quluzadənin və başqalarının da adlarını görürük. Maraqlıdır ki, M.Rəfilinin lеһinə һеç kim danışmayıb və оnun çıхışı mətbuatda vеrilməyib”.
Beşinci və sonuncu tufan post-Mircəfər dövrünə aiddir. Mikayıl Rəfili yenə kosmopitizmdə ittiham olunur. Bu dəfə o, tək deyil, ittiham olunanlar sırasında Cəfər Cəfərov və Mirzəağa Quluzadə də var...
Hücumların önündə isə Süleyman Rəhimov dayanır.
Bütün bu dövr əzrində Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik eləmiş şəxslərin də siyahısını veririk:
Məmmədkazım Ələkbərli (1934 – 1936), Seyfulla Şamilov (1936 – 1938), Rəsul Rza (1938 – 1939), Süleyman Rəhimov (1939 – 1940), Səməd Vurğun (1941 – 1944), Süleyman Rəhimov (1944 – 1945), Səməd Vurğun (1945 – 1948), Mirzə İbrahimov (1948 – 1954), Süleyman Rəhimov (1954 – 1958) .
***
Mikayıl Rəfili heç vaxt bədii sözdən ayrılmadı.
Onun “Şirvanşah İbrahim” pyesinə teatrda tamaşa eləmək bir yana, heç olmasa əsərin mətnini oxumaq istərdim.
Rus dilində nəşr olunmuş “Mirzə Şəfi dünya ədəbiyyatında” adlı son kitabını da, “Qardaş” adlı son şeirini də mərhum qardaşı Mövsüm Rəfiliyə həsr eləmişdi. Şeirdə belə misralar var:
Ürəyimin üzüldü bir sapı,
Yохsa bu, dadlı yalan?
Yохsa bu, sоlmuş yasəmən?
Ərşəmi açıldı bir qapı?
Necə heyran olmayasan: “Ərşəmi açıldı bir qapı?” Nazim Hikmət yazmışdı: “Şair ola bilərdin, professor oldun...”
Deyəsən, o, həmişə şair qaldı.
***
Mübarizə və çabalar üçün şərait tələb edən, özünün iqtidarsızlığına və lal mövqeyinə haqq qazandıran düşüncələr üçün, zənnimcə, Mikayıl ömrü bir örnək sayıla bilər.
Bəs, onu milli ruhdan uzaqlığa eyham vuran kosmopolitizmdə yamanlamaq olardımı? Yox.
O, qızına Selcan adı qoymuşdu!