BAKI, 9 oktyabr. TELEQRAF
2025-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laslo Krasnahorkaiyə verilib.
Teleqraf xəbər verir ki, bu barədə Nobel Komitəsi qərar qəbul edib.
Laslo Krasnahorkai müasir macar ədəbiyyatının ən məşhur və orijinal yazıçılarından biridir.
1954-cü yanvarın 5-də Dyula şəhərində doğulub. Budapeşt Universitetində hüquq və ədəbiyyat ixtisası üzrə təhsil alıb. O, həm də ssenaristdir.
Krasnahorkai özünün uzun cümlələri, apokaliptik atmosferi və dərin fəlsəfi məzmunu ilə tanınır. Əsərləri əsasən çağdaş dünyanın xaosu, mənəvi süqutu və insanın daxili çöküşü mövzularını əhatə edir. Dili ağır və poetikdir, oxucudan səbir və diqqət tələb edir. Qərbdə çox vaxt onu “Kafka və Dostoyevskinin varisi” adlandırırlar.
Ən məşhur romanı olan “Satantanqo” bir kəndin tənəzzülünü təsvir edir. Əsər əsasında rejissor Bela Tarr 1994-cü ildə 7 saatlıq film çəkib.
“Müqavimətin melanxoliyası” onun apokaliptik ruhda yazılmış fəlsəfi romanıdır.
“Müharibə və müharibə” əsəri isə bəşəriyyətin çılğınlıq və xilas axtarışına dair əsəridir.
“Seybo aşağı enirdi” — buddizmlə bağlı meditasiyavari hekayələr toplusudur.
Krasnahorkai uzun illər rejissor Bela Tarr ilə əməkdaşlıq edib. Onların birlikdə yaratdığı filmlər — “Satantanqo”, “Verkmayster harmoniyaları” və “Turin atı” dünya kinosunun şah əsərləri sayılır.
Yaradıcılığı dövründə “Man Booker International Prize”, “Best Translated Book Award” və “National Book Critics Circle Award” mükafatlarına layiq görülüb.
Krasnahorkai həm ədəbiyyatda, həm də kinoda postmodern apokaliptik üslubun simvoluna çevrilib. Onun əsərləri ümidsizliyə baxmayaraq mənəvi dayanıqlığın axtarışı kimi şərh edilir.