BAKI, 23 yanvar. TELEQRAF
Bir sıra əsərlərin hələ də latın dilində çap olunmaması narahatlıq doğurur.
Bu barədə Teleqraf-a Bakı Dövlət Universitetinin Ərəb ədəbiyyatı üzrə professoru Aida Qasımova açıqlama verib.
"Prezidentin 12 yanvar 2004-cü il tarixli latın qrafikasına keçidlə bağlı sərəncamı həyata keçirilərkən nədənsə Əkrəm Cəfər kimi böyük alimin “Əruzun nəzəri əsasları və Azərbaycan əruzu” kitabı müvafiq komissiyanın nəzərindən yayınıb və latın qrafikasına çevrilməyib. Bu kitab bütün dünyada türk əruzunun öyrənilməsinin əsas mənbəyidir. Komissiya bu cür dəyərli əsəri niyə siyahıya salmayıb?" - professor bildirib.
O, komissiyada filologiya ilə bağlı kitabların siyahısını kimlərin hazırladığını da sorğulayıb:
"Məsələ Əkrəm Cəfərlə bitmir. Malik Mahmudovun “Xətib Təbrizi” monoqrafiyası da latın qrafikası ilə nəşr olunmayıb. Ən vacibi isə Nizami “Xəmsə”sinin filoloji tərcüməsidir.
Məlumdur ki, keçən əsrin 80-ci illərində “Xəmsə” bir qrup alim tərəfindən Azərbaycan dilinə filoloji tərcümə olunub. Tərcümənin möhtəşəmliyini sübuta yetirmək üçün onu həyata keçirmiş alimləri xatırlamağımız yetər.
Bunlar professor, Harvard Universitetinin fəxri doktoru Rüstəm Əliyev, professor Qəzənfər Əliyev, professor Məmməd Mübariz Əlizadə, professor Həmid Məmmədzadə, professor Vaqif Aslanovdur.
Həmin nəşrin redaktorları və rəyçiləri arasında professor Rəhim Sultanov, professor Əkrəm Cəfər kimi adlar yer alır. Təəssüf ki, həmin möhtəşəm tərcümələr də latın qrafikasına çevrilmədi, əvəzinə, ayrı-ayrı saytlarda yer alan 2-3 səhifəlik yazıda bu möhtəşəm zəhmətə ağız buranları görürük.
Mənim fikrimcə, bu əsərlər də latın qrafikası ilə çap olunmalıdır. Narazı olanlar isə buyurub öz filoloji tərcümələrini təqdim edə bilərlər".