BAKI, 30 sentyabr. TELEQRAF

Bəzi bölgələrdə kitab dükanları demək olar ki, yoxdur.

Teleqraf xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müşaviri, yazıçı Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq kitab sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Orxan Fikrətoğlu bildirib ki, sərgi çərçivəsində ümumilikdə 250-dən artıq tədbirin təşkili nəzərdə tutulur:

Eyni zamanda 35 imza günü və müxtəlif tədbirlər keçiriləcək. Hər bir tədbir olmasa da, bütövlükdə bu, ədəbiyyatın inkişafına xidmət edəcək. Bizim əsas hədəflərimizdən biri bölgələrdən gələn nəşriyyatların öz məhsullarını sərgiləməsidir. Çünki bəzi bölgələrdə kitab dükanları demək olar ki, yoxdur, fərq də çox hiss olunur.

İkinci tərəfdən, düşünürük ki, tirajı az olan bəzi kitabları nəşriyyatlardan alaq. Məqsəd odur ki, gənclər ədəbiyyata gəlsinlər. Çünki heç bir nəşriyyat risk edib tanınmayan bir müəllifin kitabını çap etmək istəmir. Ona görə də biz Mədəniyyət Nazirliyi olaraq belə kitabların müəyyən bir hissəsini alaraq, həmin müəlliflərin ədəbiyyata gəlişini dəstəkləməyi düşünürük”.

Orxan Fikrətoğlu hüquqi məsələləri, o cümlədən müəllif hüquqları, nəşriyyat münasibətləri ilə bağlı problemlərin olduğunu da bildirib: “Nazirlik olaraq bu sahədə problemlərin həllini təmin etməliyik”.

Qeyd edək ki, bu il 1-7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində XI Beynəlxalq kitab sərgisi keçiriləcək.