BAKI, 17 iyul. TELEQRAF

Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, böyük şairin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Moldova və Belarusdan, Polşadan gəlmiş nümayəndə heyətinin iştirak edib. Yubiley tədbiri böyük mütəfəkkir şairin ədəbi irsinin təbliği, onun türk dünyası ədəbiyyatındakı yerinin müzakirəsi və qardaş ölkələr arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, Bəxtiyar Vahabzadə xalqın tarixinin işıqlandırılmasında, milli ruhun oyanmasında əvəzsiz rolu olmuş yazıçılardandır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən şairin “Özümüzü kəsən qılınc” kitabının nəşr edilməsi təkcə ədəbi hadisə deyil, həm də milli şüuru oyandıran şairin xatirəsinə töhvədir: "Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın yox, bütün türkdilli xalqların səsidir. Biz onun irsinin qorunub, gələcək nəslə çatdırılmasına töhvə verməyimizlə qürur duyuruq", o, bildirib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də çıxışında şairin yaradıcılığında türk sevgisinin, dil sevgisinin tərənnümünə, cəsarətli yanaşmalara diqqət çəkib. Vahabzadənin keçid dövrünün xaosunda xalqın milli düşüncəsinin yaranmasında misilsiz xidmətləri olduğunu vurğulayıb.

Konfransda incəsənət və ədəbiyyat xadimləri, mütəfəkkirlər, media təmsilçiləri, tələbə və gənc yazarlar, eləcə də Bəxtiyar Vahabzadə yaradıcılığına maraq göstərən ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir çərçivəsində şairin yaradıcılığının təbliğinə və elmi araşdırılmasına töhfə verəcək mövzularda müzakirələr aparılıb.