Moldovanın müxalif Sosialistlər Partiyasının deputatları Moldova-Rumıniya sərhədini bağlayıblar.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, deputatlar Moldovada keçirilən hərbi təlimdə iştirak etmək üçün bu ölkəyə göndərilən ABŞ hərbi texnikasının önünü kəsiblər. Bununla bağlı partiyanın lideri İqor Dodon məlumat verib:
"Bizim aktivistlər Skulen keçid məntəqəsinə gedən bütün yolları bağlayıb və NATO hərbçilərinin sənədlərini yoxlayırlar. Texnikaların hansı ölkələrə aid olduğunu dəqiqləşdirilir".
Dodonun sözlərinə görə, aktivistlər amerikalı hərbçilərin əleyhinə "Moldova - neytral ölkədir", "NATO bizə lazım deyil", "NATO bazaları dayanın" şüarlarını səsəndiriblər.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Onlar fəallardan yolu açmağı tələb ediblər. Partiya lideri NATO təlimlərinin Moldovada keçirilməsinin ölkə konstitusiyasına zidd olduğunu deyib: "Moldova hökuməti Qələbə Günü münasibətilə ölkənin əsas küçəsində NATO ilə birgə yürüş və təlimlər keçirməyi planlaşdırır. Bu ölkə konstitusiyasına ziddir. Konstitusiyada yazılıb ki, Moldova neytral ölkədir. Əgər hökumət bu qərarından vaz keçməsə, sosialistlər kütləvi aksiyalar keçirəcək”.
Qeyd edək ki, Sosialistlər Partiyasının deputatları Moldova parlamentinin 25 faizini təşkil edir.
Moldova Müdafiə Nazirliyinin yaydığı məlumatlara görə, Qələbə Günü münasibətilə mayın 3-dən 20-ə kimi ölkədə keçiriləcək "Dragon Pioneer 2016" təlimində NATO qüvvələri, o cümlədən 198 amerikalı hərbçi iştirak edəcək.
Samir