BAKI, 25 may. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində ABŞ Prezidenti Donald Trampla keçirdiyi son danışıqlar zamanı Yaponiyanın Baş naziri Sanae Takaicini ölkənin yenidən silahlanmasına görə sərt tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti yeddi mənbəyə istinadən yazıb.

Bildirilib ki, Çin lideri müzakirə zamanı səsini kəskin şəkildə yüksəldib. ABŞ rəsmiləri isə bu vəziyyətdən təəccübləniblər, çünki həmin mövzu sammitdən əvvəl keçirilən görüşlərdə gündəmə gətirilməmişdi.

Nəşrin həmsöhbətlərindən bir neçəsi bu məqamı iki lider arasında iki gün davam edən danışıqların ən gərgin anı adlandırıb.

Məqalədə qeyd olunur ki, Donald Tramp cavab olaraq Sanae Takaicini müdafiə edib və onun addımlarını Şimali Koreyadan gələn təhlükə ilə əsaslandırıb.

Bundan əvvəl Yaponiyanın “Kyodo” agentliyi də Si Cinpinin görüş zamanı Yaponiya Baş nazirini “militarizmin yeni formasını dirçəltməkdə” ittiham etdiyini yazmışdı.

Donald Tramp mayın 13-15-də Çində səfərdə olub. Səfər başa çatdıqdan sonra Sanae Takaici ABŞ lideri ilə telefon danışığı aparıb. Yaponiya Baş naziri daha sonra jurnalistlərə açıqlamasında Trampın ona səfərin detalları barədə məlumat verdiyini, lakin bunu mediaya açıqlamamağı xahiş etdiyini bildirib.