BAKI, 25 may. TELEQRAF

ABŞ və İran arasında hazırlanan ilkin razılaşma atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını nəzərdə tutur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin ABŞ administrasiyasındakı mənbəsinin sözlərinə görə, Vaşinqton və Tehran İranda müharibənin daimi şəkildə başa çatdırılması ilə bağlı yekun razılaşmaya nail olmaq üçün 60 günlük atəşkəsi nəzərdə tutan qarşılıqlı anlaşma memorandumunun əsas konturlarını hazırlayıblar.

Məlumata görə, tərəflər hələlik heç bir sənəd imzalamayıb və İran hakimiyyəti yekun razılığını verməyib.

Qəzetin diplomatik mənbəsi bildirib ki, memorandum imzalandıqdan sonra İran dərhal Hörmüz boğazını açacaq və 30 gün ərzində gəmiçiliyin müharibədən əvvəlki səviyyədə bərpası üçün tədbirlər görəcək.

İlkin razılaşmaların həmçinin İran, ABŞ və onların müttəfiqlərinin Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırıldığını elan etməsini nəzərdə tutduğu vurğulanıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl İranla gələcək saziş layihəsinin ümumilikdə razılaşdırıldığını açıqlamışdı.