BAKI, 25 may. TELEQRAF
Qəbələ və Salyanda torpaqların konsolidasiyası mexanizminin yaradılması üzrə pilot layihələr tətbiq ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.
Məlumata görə, ilkin olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla torpaqların konsolidasiyasına dair normativ hüquqi akt təsdiq ediləcək.
Yeni pilot modelin tətbiq edilməsi üzrə Qəbələ və Salyanda 20 min hektar sahədə torpaqların konsolidasiyası və təsərrüfatdaxili suvarma şəbəkəsinin qurulması işlərinin görülməsi, kadastr xəritələrinin yenilənməsi, su resurslarından istifadənin effektiv idarə olunması nəzərdə tutulur.
Layihə üzrə əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyi, digər icraçı qurumlar isə İqtisadiyyat Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.