BAKI, 24 may. TELEQRAF

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hörmüz boğazının açılmasından sonra İranla nüvə proqramı ilə bağlı ciddi danışıqlara başlamağa hazırdır.

Teleqraf xəbər verir ki, Rubio bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.

ABŞ rəsmisi qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı məsələni qısa müddətdə həll etmək mümkün deyil.

“İranın nüvə proqramı problemini 72 saata salfet üzərində həll etmək mümkün deyil. Hörmüz boğazı dərhal açılmalıdır. Bundan sonra razılaşdırılmış parametrlərə uyğun olaraq uranın zənginləşdirilməsi, yüksək zənginləşdirilmiş uran və İranın heç vaxt nüvə silahına malik olmamaq öhdəliyi ilə bağlı çox ciddi danışıqlara başlayacağıq”, - deyə Rubio bildirib.

“The New York Times”ın qiymətləndirməsinə görə, Rubio bu açıqlaması ilə ABŞ administrasiyasının Tehranı dərhal nüvə silahı hazırlamaq imkanından məhrum etməyən müvəqqəti sazişə razı ola biləcəyinə işarə edib.