BAKI, 25 may. TELEQRAF
Azərbaycanda kənd təsərrüfatı məhsullarının mövsümi qiymət dəyişkənliyinin qarşısını almaq və saxlama imkanlarını artırmaq üçün kənd təsərrüfatı təyinatlı soyuducu anbarların ümumi həcmi 500 min tona çatdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, hazırda 400 min ton olan soyuducu anbar infrastrukturunun tutumu regionlar üzrə tələbata uyğun olaraq daha 100 min ton artırılacaq. Yeni soyuducu anbar layihələrinin dəstəklənməsi və mərhələli şəkildə istismara verilməsi Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinə tapşırılıb. Eyni zamanda ölkədə taxıl saxlanma (silo) həcminin də azı 150 min kubmetr artırılması qərara alınıb.