BAKI, 25 may. TELEQRAF

Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru seçilib.

Bu barədə Teleqraf-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun seçilməsi ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib. Baş direktor vəzifəsinə namizədlərin sənəd qəbulu prosesi cari ilin 27 aprel tarixindən 8 may tarixinədək Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilib. Daha sonra həmin sənədlər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim olunub.

İlk olaraq iclasın katibi və səslərin sayılması üçün komissiya seçilib, prosedur qaydaları ilə bağlı məlumat verilib. İclasın əvvəlində bir namizədin (Əliyeva İlahə Xudu qızı) öz namizədliyini geri götürməsi haqqında ərizəsi qəbul olunub və onun adı namizədlər siyahısından çıxarılıb.

Bundan sonra namizədlər iclasa dəvət olunub, onların hamısı baş direktor vəzifəsinə seçiləcəkləri təqdirdə ictimai yayımçının fəaliyyətində nə dəyişiklik və yeniliklər tətbiq edəcəkləri ilə bağlı konsepsiyaları və proqramları barədə ümumi məlumat veriblər. Həmçinin, namizədlər Yayım Şurasının üzvlərinin suallarını cavablandırıblar.

Bütün namizədlərin çıxışından sonra səsvermə keçirilib. Birbaşa və gizli səsvermənin nəticələrinə görə Qasımov Balakişi Ələkbər oğlu 4 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilib.

İclasda Azərbaycan Resphblikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, habelə İctimai Televiziya və Radio Yayımları Şirkətinin məsul şəxsləri müşahidəçi kimi iştirak edib.

B.Qasımov 2018-ci ildən etibarən İctimai Televiziyanın baş direktorudur.