BAKI, 25 may. TELEQRAF
Ölkə ərazisindəki bütün iribuynuzlu və xırdabuynuzlu heyvanların dövlət vəsaiti hesabına birdəfəlik identifikasiyası yekunlaşdırılacaq və tam elektron uçot sistemi qurulacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kənd Təsərrüfatı Nazirliyi ilə koordinasiyalı şəkildə 2027–2030-cu illər ərzində mərhələli identifikasiya planı hazırlayacaq. Bu çərçivədə, ölkə üzrə bütün heyvanların elektronlaşdırılması və rəsmi identifikasiya prosesi tam başa çatdırılacaq. Bu addım heyvan xəstəliklərinin monitorinqini, vaksinlərin izlənməsini və ümumi epizootik vəziyyətə rəqəmsal nəzarəti təmin etmək məqsədi daşıyır.