BAKI, 25 may. TELEQRAF
Azərbaycanda istixana komplekslərinin ümumi sahəsinin artırılması çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonunda 122 hektar sahədə yeni istixana infrastrukturu formalaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Dövlət Proqramına əsasən, ölkə üzrə istixana komplekslərinin sahəsinin 1500 hektardan təxminən 2000 hektara çatdırılması strateji hədəf olaraq müəyyən edilib. Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən 250 hektar sahədə yeni nəsil istixanaların qurulması (o cümlədən Şərqi Zəngəzurda 122 hektar) və fəaliyyətini dayandırmış daha 250 hektar istixana sahəsinin modernləşdirilməsi üçün investisiya təşviqi və avadanlıqların güzəştli satışı mexanizmləri tətbiq olunacaq.