BAKI, 25 may. TELEQRAF
Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncam ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması, intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədini daşıyır.
Sərəncamla dövlət qurumları qarşısında konkret tapşırıqlar qoyulub:
Nazirlər Kabineti: Üç ay müddətində aqrar sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, altı ay müddətində isə buğda, pambıq və heyvandarlıq təsərrüfatlarının yaradılacağı ərazilərdə torpaqların təyinatının dəyişdirilməsi barədə təkliflərini dövlət başçısına təqdim etməlidir.
Kənd Təsərrüfatı Nazirliyi: Sözügedən təsərrüfatların yaradılacağı ərazi vahidlərinin siyahısını üç ay müddətində təsdiq etməlidir.
İqtisadiyyat Nazirliyi: Müasir texnologiyaların tətbiq edildiyi, cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların 2027-ci ildən başlayaraq 5 il müddətinə manatla aldıqları kreditlərin faizlərinin və investisiya layihələrinin dəyərinin "Azərbaycan Biznesinin İnkişafı Fondu" vasitəsilə subsidiyalaşdırılmasını təmin etməlidir.
AQTA: Ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında iribuynuzlu və xırdabuynuzlu heyvanların dövlət büdcəsi hesabına birdəfəlik identifikasiyasını aparmalı, məlumatları "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" və "Elektron kənd təsərrüfatı" sistemlərinə daxil etməlidir.
Dövlət Su Ehtiyatları Agentliyi: Yeni yaradılacaq təsərrüfatların su təminatının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görməlidir.
Dövlət Proqramının icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Proqramın maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsində və dövlət investisiya proqramlarında zəruri vəsait nəzərdə tutulacaq.