BAKI, 25 may. TELEQRAF
“Əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti və “Hayastan” seçki blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.
Köçəryan iddia edib ki, onun yanaşması danışıqlar prosesinin sıfırlanması demək deyil və sülh müqaviləsi üçün “zəmanətçilər” lazımdır.
“Zəmanətçi tərəflər”ə gəlincə, Köçəryan bu rolda Rusiya və ABŞ-ni görür: “Avropa İttifaqının iştirakı da arzuolunan olardı, amma mən Rusiya, ABŞ və Çinin daxil edilməsini ideal variant hesab edirəm”.
Xatırladaq ki, hazırda Azərbaycan və Ermənistan sülh danışıqları, sərhədin delimitasiyası və digər prosesləri vasitəçilər olmadan davam etdirir. Rəsmi Bakı və İrəvan bir neçə dəfə vasitəçilər və ya zəmanətçilərə ehtiyacın olmadığını bəyan edib.