BAKI, 24 may. TELEQRAF

Livanın şiə təşkilatı “Hizbullah” İsrailin Livanda itkilər verdiyini və buna cavab olaraq mülki şəxsləri hədəf aldığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın baş katibi şeyx Naim Qasım tərəfdarlarına televiziya müraciəti zamanı danışıb. Onun çıxışı “Al Mayadeen” telekanalı ilə yayımlanıb.

Naim Qasım bildirib ki, İslam müqavimətinin pilotsuz uçuş aparatları İsrail qüvvələrini daim izləyir və İsrail buna cavab olaraq yaşayış evlərini dağıdır, mülki insanları öldürür.

Şiə liderinin sözlərinə görə, Livanın cənubunda baş verən hadisələr İsrail gücünün zəifləməsinin başlanğıcını göstərir.

Qasım həmçinin İsrailin hücumlarının dayandırılmasına, İsrail qoşunlarının tam çıxarılmasına, əsirlərin azad edilməsinə və məcburi köçkünlərin geri qaytarılmasına çağırış edib.

O, Livan hökumətindən martın 2-də qəbul edilən və “Hizbullah” döyüşçülərini qanunsuz elan edən qərarın ləğvini də tələb edib.

“Silahlı müqavimətin tərksilah edilməsi İsrail layihəsidir. Ondan imtina edin, İsraillə birbaşa danışıqları dayandırın və milli konsensusa qayıdın”, - deyə Naim Qasım vurğulayıb.

Onun sözlərinə görə, əgər hökumət Livanın suverenliyini təmin edə bilmirsə, istefa verməlidir.