BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ hakimiyyəti Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresa qarşı yeni cinayət ittihamları irəli sürməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, Nyu-York prokurorluğunun Maduro və həyat yoldaşını son illərdə Venesuelada saxlanılan ABŞ vətəndaşlarına işgəncə verilməsi ilə bağlı ittiham etməsi gözlənilir.

ABŞ hökumətinin iddiasına əsasən, Maduronun hakimiyyəti dövründə 10-dan çox amerikalı Venesuela həbsxanalarında qanunsuz saxlanılıb.

CNN bildirir ki, yeni ittihamların oktyabrın 8-də elan olunması mümkündür.

Xatırladaq ki, sentyabrın 26-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ-dan Maduronun mümkün qədər tez azad edilməsini tələb edib.

“Associated Press” agentliyinin məlumatına görə, Nyu-York məhkəməsi Maduro və həyat yoldaşının işi üzrə məhkəmə prosesinin başlanmasını 2027-ci il iyunun 1-nə təyin edib.