BAKI, 23 noyabr. TELEQRAF

Çin Asiyada təsir imkanlarına görə ABŞ ilə arasındakı fərqi 2018-ci ildən bəri ən aşağı səviyyəyə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Avstraliyanın Loui İnstitutunun (Lowy Institute) hesabatında bildirilib.

Hesabata əsasən, ABŞ Asiyada ən güclü dövlət mövqeyini qoruyub saxlasa da, Çinlə arasındakı fərq indeksin tətbiq olunduğu 2018-ci ildən bəri minimum səviyyəyə düşüb.

İnstitutun qiymətləndirməsinə görə, ABŞ-nin təsir göstəricisi 78,9, Çinin isə 73,6 bal təşkil edib. Beləliklə, iki ölkə arasındakı fərq 5,3 bala qədər azalıb.

Hesabatda qeyd olunur ki, ABŞ ilə İran arasında uzanan münaqişə Vaşinqtonun raket ehtiyatlarının azalmasına və hərbi resurslarının Sakit okean regionundan başqa istiqamətlərə yönəldilməsinə səbəb olub.

Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti, regionda birgə hərbi təlimlərin sayının azalması və müdafiə sahəsində əməkdaşlığın zəifləməsi Vaşinqtonun diplomatik nüfuzuna mənfi təsir göstərib.

İnstitutun qiymətləndirməsinə əsasən, bu amillər fonunda Çin Asiyada ABŞ ilə güc balansındakı fərqi əhəmiyyətli dərəcədə azalda bilib.