BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycanda elektroenergetika sahəsində fəaliyyətin, o cümlədən "Azərenerji" və "Azərişıq" açıq səhmdar cəmiyyətlərinin işinin səmərəliliyini araşdırmaq məqsədilə Komissiya yaradılıb.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı kimi müəyyən edilib:

Komissiyanın sədri:

Energetika naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Dövlət Neft Şirkətinin prezidenti

Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Baş nazirinin köməkçisi

Komissiya beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə 2 ay müddətində ölkənin enerji təhlükəsizliyi nəzərə alınmaqla elektroenergetika sisteminin mövcud potensialını, infrastruktur imkanlarını və enerji sistemində paralel iş rejiminin vəziyyətini araşdırmalıdır. Həmçinin elektrik enerjisinin ötürülməsi və paylanması sahəsində mövcud vəziyyətin təhlili və inkişaf tədbirlərinin müəyyən edilməsi, kiçik su elektrik stansiyalarının tikintisi və istismarının səmərəliliyinin araşdırılması, eləcə də "Azərenerji" və "Azərişıq" ASC-lərin maliyyə-təsərrüfat fəaliyyətinin və idarəetmə mexanizmlərinin qiymətləndirilməsi tapşırılıb.

Komissiya zərurət olduqda aidiyyəti dövlət orqanlarının mütəxəssislərini işə cəlb edərək araşdırma və təhlil nəticələrinə dair məlumatları və təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. "Azərenerji" və "Azərişıq" komissiyanın fəaliyyətinə lazımi kömək göstərməli, müraciət əsasında zəruri məlumat və sənədləri təqdim etməlidir. Maliyyə Nazirliyinə isə nəzərdə tutulan araşdırmaların icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.