BAKI, 23 noyabr. TELEQRAF
İtaliyada futbol matçı qalmaqallı hadisəyə görə yarımçıq dayandırılıb.
Teleqraf xəbər verir ki, noyabrın 22-də “Paolini” və “Partanna” komandaları arasında keçirilən Terza Categoria turnirinin IV tur matçında meydandan qovulan futbolçu bıçaqla geri qayıdıb.
Hadisə Marsala şəhərindəki “M. Di Dia” stadionunda baş verib. Qarşılaşma zamanı meydan sahiblərinin 10 nömrəli futbolçusu rəqib komandanın ehtiyat oyunçular skamyasına qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra o, oyun dayandırıldığı vaxt “Partanna”nın futbolçularından birinə dəfələrlə zərbə endirib.
Baş hakim Vinçentso Perniçe həmin oyunçuya qırmızı vərəqə göstərib. Rəqib futbolçuya kömək etmək istəyən qonaq komandanın baş məşqçisi Kalandra da meydandan qovulub.
Lakin paltardəyişmə otağına yollanan futbolçu bir müddət sonra əlində bıçaqla meydana qayıdıb. O, rəqib komandanın baş məşqçisini, bir neçə klub rəsmisini və futbolçuları hədələyib. Hətta qarşıdurma zamanı “Partanna”nın rəsmilərindən birinin boğazından yapışdığı bildirilir.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Təhlükəsizlik səbəbindən baş hakim qarşılaşmanı birdəfəlik dayandırıb. Hadisə yerinə 112 xidmətinə məlumat verildikdən sonra polis əməkdaşları cəlb olunub.
“Partanna” klubu hadisə ilə bağlı İtaliya Futbol Federasiyasına (FIGC) və hüquq-mühafizə orqanlarına rəsmi şikayət ünvanlayacağını açıqlayıb.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qarşılaşmanın taleyi və futbolçuya tətbiq ediləcək intizam cəzası ilə bağlı qərar isə hakim raportu əsasında veriləcək.