BAKI, 14 sentyabr. TELEQRAF
ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün köhnə modifikasiyalı raketlərin istehsalına lisenziya verilməsi imkanını müzakirə edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrlandiyadan ABŞ-yə uçarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.
Tramp Ukraynaya “Patriot” sursatlarının istehsalı üçün lisenziyanın verilib-verilməyəcəyi barədə suala “müzakirələr aparılır” cavabını verib.
ABŞ lideri söhbətin daha az müasir raket əleyhinə sursatlardan getdiyini vurğulayıb.
Tramp Avropa ölkələrinin Ukraynaya “Patriot” sistemləri üçün raket əleyhinə sursat satmaq planları ilə bağlı sualı isə faktiki olaraq cavabsız qoyub.
“Bizdə müəyyən silahların böyük ehtiyatları var, bəzilərinin miqdarı demək olar ki, tükənməzdir. Ən müasir sursatlara gəlincə, onların böyük hissəsi Ukraynaya verilib, lakin biz bu ehtiyatları çox sürətlə bərpa edirik”, - Tramp bildirib.
ABŞ dövlət katibi Marko Rubio daha əvvəl bildirmişdi ki, Kiyev lisenziyanı alsa belə, “Patriot” istehsalı üçün müəssisələrin yaradılması bir neçə il çəkəcək. Onun sözlərinə görə, bu sistem olduqca mürəkkəb olduğundan lisenziyanın verilməsi Ukraynanın qısamüddətli silah çatışmazlığı problemini həll etməyəcək.