BAKI, 15 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp “OpenAI” şirkətinin rəhbəri Sem Altmanla qapalı görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə MS NOW telekanalı mənbələrinə istinadən məlumat yayıb. Görüş Respublikaçılar Partiyasının qurultayı çərçivəsində baş tutub. Tərəflərin əsas müzakirə mövzusu süni intellekt və texnologiyanın sürətlə artan imkanları olub.

Məlumata görə, görüşün keçirilməsi təşəbbüsü Altmandan gəlib. Görüşdən bir neçə gün sonra isə Tramp və Altman ən güclü süni intellekt sistemlərinin inkişaf tempi ilə bağlı fərqli mövqelər səsləndiriblər.

Altman təhlükəsizlik baxımından texnologiyanın inkişafının müəyyən qədər ləngidilməsinin əsaslı ola biləcəyini bildirib. Tramp isə əlavə məhdudiyyətlərin tətbiqinə qarşı çıxaraq, tənzimləmələrin gücləndirilməsinin süni intellekt sənayesinə mənfi təsir göstərə biləcəyini deyib.