BAKI, 15 sentyabr. TELEQRAF
İngiltərə viskisinə yeni qorunan statusun verilməsi Şotlandiyada narazılığa səbəb olub və tərəflər arasında “viski müharibəsi” başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.
Böyük Britaniya hökuməti ötən həftə İngiltərədə istehsal olunan təksəmənili viskiyə “qorunan coğrafi göstərici” statusu verib. Bununla da İngiltərə viskisi Şotlandiya, Uels və İrlandiya viskilərinə bənzər qorunan status əldə edib.
Qərar Şotlandiya Viski Assosiasiyasının (SWA) etirazına səbəb olub. “Glenmorangie”, “Johnnie Walker” və “Diageo” da daxil olmaqla 90 şirkəti təmsil edən assosiasiya məsələ ilə bağlı Britaniya hökumətinin nümayəndələri ilə görüş keçirməyə hazırlaşır.
Mübahisənin əsas səbəbi istehsal standartlarındakı fərqdir. Şotlandiya təksəmənili viskisinin hazırlanması zamanı səməninin əzilməsi, fermentasiya və distillə prosesləri Şotlandiyadakı eyni istehsal müəssisəsində həyata keçirilməlidir. İngiltərə viskisində isə bəzi mərhələlərin əsas istehsal müəssisəsindən kənarda aparılmasına icazə verilir.
“The Daily Telegraph” məhz bu fərqin Londonla Edinburq arasında “viski müharibəsi”nə səbəb olduğunu yazıb.