BAKI, 15 sentyabr. TELEQRAF

Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Marklın uşaqları dərslərin başlamasından cəmi bir həftə sonra təhlükəsizlik səbəbindən məktəblərini dəyişiblər.

Teleqraf xəbər verir ki, bu barədə Sasseks hersoqu və hersoginyasının nümayəndəsinə istinadən “Sky News” telekanalı məlumat yayıb.

Nümayəndənin sözlərinə görə, qərar ailənin təhlükəsizliyinə cavabdeh mütəxəssislərlə mövcud vəziyyət müzakirə edildikdən sonra qəbul olunub. O vurğulayıb ki, məktəbin dəyişdirilməsi təhsil müəssisəsinə və ya onun əməkdaşlarına münasibətlə bağlı deyil.

Şahzadə Harri və Meqan Markl avqustun 26-da yeddi yaşlı oğulları Arçi və beş yaşlı qızları Lilibet Diana ilə birlikdə Böyük Britaniyada yaşamağa qayıdıblar. Uşaqlar ötən həftə ilk dəfə məktəbə gediblər. “The Daily Telegraph” daha əvvəl yazmışdı ki, dövlət mühafizəsinin olmaması səbəbindən uşaqların məktəbə gedib-gəlməsi təhlükəsizlik riski yaradır.

Qeyd edək ki, Harri kral ailəsinin yüksək vəzifəli üzvü kimi öhdəliklərindən imtina etdikdən sonra dövlət mühafizəsi hüququnu itirib. O, daha əvvəl məhkəmə yolu ilə mühafizəsini bərpa etməyə çalışsa da, buna nail ola bilməyib. BBC-nin məlumatına görə, şahzadənin Böyük Britaniyaya qayıtması ilə əlaqədar onun dövlət mühafizəsi ilə təmin edilməsi məsələsinə yenidən baxılması gözlənilir.