BAKI, 15 sentyabr. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi hazırkı və keçmiş əməkdaşlarına naməlum uçan obyektlər (UFO) və naməlum anomal hadisələrlə bağlı aparılan araşdırmalar haqqında məlumatları açıqlamağa icazə verib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Sənədə əsasən, Pentaqon rəhbərliyi Prezident Donald Trampın birbaşa göstərişinə uyğun olaraq məxfi məlumatların açıqlanmaması ilə bağlı tələblərə istisna tətbiq edib. Bu istisna hazırkı və keçmiş əməkdaşlara UFO-larla bağlı milli müdafiə sahəsindəki məlumatları Prezidentin UFO hadisələri barədə məlumatların açıqlanması və hesabat sisteminin (PURSUE) nümayəndələrinə təqdim etməyə imkan verir.
Bəyanatda vurğulanıb ki, belə məlumatları açıqlayan əməkdaşlar təqib olunmaqdan və ya məxfi məlumatlara çıxış hüququnu itirməkdən çəkinməməlidirlər.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ hökumətinin ehtimal edilən yadplanetli həyat formaları, naməlum anomal hadisələr və UFO-larla bağlı hökumət sənədlərinin müəyyənləşdirilərək ictimaiyyətə açıqlanması prosesinə başlayacağını bildirmişdi.