BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ paytaxtının əsas teatr-konsert kompleksi olan Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzi maliyyə çatışmazlığı səbəbindən sentyabrın 15-də bağlana bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” təşkilatın maliyyə vəziyyətinə dair sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, mərkəzin qəyyumlar şurası sentyabrın 15-də keçiriləcək xüsusi iclas ərəfəsində 57 səhifəlik sənəd yayıb. Sənəddə təşkilatın maliyyə çöküşünün demək olar ki, qaçılmaz olduğu bildirilir.

Qeyd olunur ki, böhranın qarşısını almaq üçün ABŞ Prezidenti Donald Trampın mərkəzin qorunmasındakı rolunun ictimai şəkildə tanınması nəzərdən keçirilir. Variantlardan biri onun adının yenidən binanın fasadında yerləşdirilməsidir.

Qəyyumlara fasadda yerləşdirilə biləcək 10 müxtəlif mətn variantı təqdim olunub. Onlardan birində binanın yenidən qurulması, bərpası və maliyyələşdirilməsinin Prezident Donald Tramp və Kennedi-Tramp Fondu tərəfindən nəzarətdə saxlanıldığı qeyd olunur.

Şura eyni zamanda binada təcili təmir işlərinin aparılması məsələsinə baxacaq. Sentyabrın 4-də güclü fırtına nəticəsində tavandan suvağın bir hissəsi qopub, yoxlama zamanı isə ən azı yeddi başqa zədələnmiş sahə və ciddi korroziya aşkarlanıb.

Qeyd edək ki, Trampın adı iyunun ortalarında Kennedi Mərkəzinin fasadından çıxarılıb. Məhkəmə kompleksin adının dəyişdirilməsi barədə qərarın yalnız ABŞ Konqresinin iştirakı ilə verilə biləcəyini bildirmişdi.