BAKI, 10 sentyabr. TELEQRAF
Binalar qlobal enerji istehlakı və emissiyaların təxminən üçdə birini təşkil edir.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə "COP 31 Sədrlik tədbiri Hədəflərdən Tətbiqə: Qlobal Əməkdaşlıq Vasitəsilə İqlim Müsbət Binaların Sürətləndirilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, yeni təlimatlar ölkələrə yalnız enerjiyə qənaətcil deyil, həm də az karbohidrogenli, dözümlü və mənzil baxımından əlçatan binalara keçidi sürətləndirmək üçün performanslı çərçivə təqdim edir.
"Əsas diqqət "öncə səmərəlilik" yanaşmasına yönəlib. Bu yanaşma mövcud binaların dərin təmiri, yüksək performanslı yeni binalar, bərpa olunan enerji inteqrasiyası və ölçülə bilən hədəflərdir. Bu, nazirlərin tribunadan oxuduğu siyasi sənəd deyil, sənaye mütəxəssislərinin istifadə edəcəyi praktiki, texniki təlimatdır. Təlimatlarda binaların gələcəyinin rəqəmsallaşdığı vurğulanır. Söhbət tək binadan deyil, binaların məhəllə enerji inteqrasiyası və şəhərsalma ilə necə qarşılıqlı əlaqədə olduğuna baxan AI dəstəkli rəqəmsal ekosistemdən gedir", - BMT rəsmisi qeyd edib.
O vurğulayıb ki, təlimatlar sosial bərabərlik və maliyyə əlçatanlığına böyük önəm verir:
"Çünki iqlimə dözümlü binalar insanları dəstəkləməli, enerji kasadlığı kimi problemləri həll etməlidir. Regionumuzda orta və ya aşağı-orta gəlirli ev təsərrüfatlarının böyük hissəsi artıq enerji ödənişlərini və ya artan kirayə haqlarını ödəməkdə çətinlik çəkir. Mənzil əlçatanlığı ilə enerjiyə qənaətcil binalar məsələsi sıx bağlıdır. Bu, siyasətçilər üçün də əsas mövzudur. Enerjiyə qənaətcil binalar haqqında danışarkən biz həm sistemli xərc, həm də sistemli emissiya problemini həll edirik".