COP31 Rəyasət Heyətinin iddialı hədəflərinin hər biri əslində bir biznes imkanıdır.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə "COP 31 Sədrlik tədbiri Hədəflərdən Tətbiqə: Qlobal Əməkdaşlıq Vasitəsilə İqlim Müsbət Binaların Sürətləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, bu, BMT sənədlərində sadəcə kağız üzərində qalmamalıdır.

"Enerji, Sənaye və Ətraf Mühit nazirlikləri ilə yanaşı, Maliyyə Nazirliklərinin və şirkətlərin idarə heyətlərinin də sistemli şəkildə nəzərdən keçirməyə başladığı real məsələyə çevrilməlidir. Bu hədəflər enerji və şəhər sistemlərinin fəaliyyət tərzini transformasiya etmək üçün böyük şansdır", - o vurğulayıb.

Dmitri Mariyasinin sözlərinə görə, tezliklə dünyanın hər bir ölkəsində insanların böyük əksəriyyəti şəhərlərdə yaşayacaq:

"İqlim gündəliyi insanlarla, onların gələcəyi və planetin davamlılığını saxlamaq bacarığı ilə bağlıdır. Bu, sadəcə ətraf mühit müzakirəsi deyil, iqtisadiyyatın gələcəyi haqqında müzakirədir. 2035-ci ilə qədər binaların enerji intensivliyini ən azı 25% azaltmaq məqsədi qlobal bina gündəliyini öhdəliklərdən icraya, iqlim danışıqlarından isə səhiyyə, rifah və biznes imkanlarına dair müzakirələrə keçirmək üçün ölçülə bilən dəqiq bir hədəfdir.
İcra prosesi bizdən fərdi binaların çərçivəsindən kənara çıxmağı, bütün dəyər zəncirini və tikinti mühitinin həyat tsiklini nəzərə almağı tələb edir.

Tikinti sektorunun təchizat zəncirinin transformasiyası qalıcı töhfə verə bilər, lakin dəyər zəncirinə bütöv baxmaq tək bir binaya baxmaqdan daha çətindir. Biz eyni zamanda enerji səmərəliliyini sürətləndirməli, ətraf mühitə təsiri azaltmalı və dəyər zəncirini maliyyə/iqtisadi cəhətdən dayanıqlı saxlamalıyıq. Əks halda mexanizm işləməyəcək. Bu isə tikinti sektoru, sənaye, enerji sistemləri, dövlət siyasəti və şəhərsalma arasında güclü koordinasiya tələb edir".