BAKI, 8 sentyabr. TELEQRAF
Bosniya serbləri ordusunun keçmiş komandanı Ratko Mladiçin Belqradda keçirilən dəfn mərasimi Serbiyanın Avropa İttifaqına (Aİ) üzvlük perspektivinə yeni maneələr yaradıb.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr qeyd edir ki, avqustun 27-də Haaqada həbsxana xəstəxanasında vəfat edən Mladiçlə vida mərasiminə minlərlə insan qatılıb.
Serbiya hakimiyyəti mərasimin təşkilində iştirak etmədiyini bildirsə də, Mladiçin cənazəsi ölkəyə dövlət təyyarəsi ilə gətirilib, tabutu hərbçilər müşayiət edib və hərbi orkestr matəm marşı ifa edib.
“Politico”nun yazdığına görə, hərbi cinayətlərə və Srebrenitsa soyqırımına görə məhkum edilmiş keçmiş komandirin dəfn mərasimi Serbiyanın Aİ-yə üzvlük ümidlərinə növbəti zərbə vurub.
Dəfn mərasimini Serb Pravoslav Kilsəsinin patriarxı Porfiri idarə edib. Mərasimdə Serbiyanın müdafiə naziri Bratislav Qaşiç, ədliyyə naziri Nenad Vuiç və Prezident Aleksandar Vuçiçin oğlu Danilo Vuçiç də iştirak ediblər.
Qeyd edək ki, Ratko Mladiç 2017-ci ildə Haaqa tribunalı tərəfindən Srebrenitsa soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilmişdi.