BAKI, 8 sentyabr. TELEQRAF

Almaniyada 2029-cu ilə qədər ixtisaslı kadr çatışmazlığının 723 min nəfərə çatacağı proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat İnstitutunun (IW) araşdırmasında bildirilib.

Ekspertlərin hesablamalarına görə, bu göstərici 2024-cü illə müqayisədə 47 faiz çoxdur. Ən böyük kadr çatışmazlığının ticarət sektorunda qeydə alınacağı və burada 39 min işçinin çatışmayacağı gözlənilir.

Araşdırmada bildirilir ki, “bebi-bum” nəslinin getdikcə daha çox nümayəndəsinin pensiyaya çıxması əmək bazarında kadr problemini dərinləşdirəcək. Eyni zamanda, ölkəyə miqrasiyanın azalmasının bu prosesi daha da sürətləndirə biləcəyi vurğulanıb.

2029-cu ildə tikinti layihələndirilməsi və texniki nəzarət sahəsində təxminən 15 min mütəxəssisin çatışmayacağı proqnozlaşdırılır. Avtomobil sənayesində kadr çatışmazlığının 15,9 min, elektrotexnika sahəsində 13,8 min, mexatronikada isə 13,6 min nəfər olacağı gözlənilir.

İnstitutun ekspertləri hesab edirlər ki, immiqrasiya artırılmasa, Almaniyada kadr çatışmazlığı daha da kəskinləşəcək. IW-nin əmək bazarı üzrə eksperti Aleksander Burştedte bunun üçün əmək fəaliyyətinin təşviqinin gücləndirilməsini və Avropa İttifaqına daxil olmayan ölkələrdən ixtisaslı işçi miqrasiyasının genişləndirilməsini təklif edib.